ADO ilə meriyanın məhkəmə çəkişməsi davam edir

ADO ilə meriyanın məhkəmə çəkişməsi davam edir

Elmin Bədəlov: “Əgər Ali Məhkəmə şikayətimizi təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik”

Azərbaycan Dağınıq Oda Teatrının (ADO) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə prosesi noyabrın 17-də olacaq.

Bu haqda məlumatı Meydan TV-yə teatrın rəhbəri, rejissor Elmin Bədəlov verib. Proses saat 15:20-də, Ali Məhkəmənin 7 saylı zalında keçiriləcək.

ADO kollektivi üç ilə yaxındır ki, Bakıda küçə tamaşaları göstərmək istəyir. Bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edən teatr müsbət cavab ala bilməyib.

Teatr 2019-cu ildə məhkəməyə müraciət edib. 2019-cu il dekabrın 30-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddianı təmin edib.

Sonra Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından apelyasiya şikayəti verib. Məhkəmə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib.

Teatrın bu məsələ ilə bağlı yaydığı məlumatda teatrın rejissoru Elmin Bədəlov məhkəmənin qərarı ilə razı olmadığını və Ali Məhkəməyə üz tutacaqlarını deyir: “Əgər Ali Məhkəmə şikayətimizi təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik”, - o qeyd edib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Facebook