Adil Qeybulla: “Hökumət İcbari Tibbi Sığortaya aid olan qurumların digər xəstəxanalara qarışmasını istəmir”

Adil Qeybulla: “Hökumət İcbari Tibbi Sığortaya aid olan qurumların digər xəstəxanalara qarışmasını istəmir”

Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqi sahəsində atılan müvafiq addımlar, bu sahədə irəliləyişlərin olduğunu deməyə əsas verir.  Belə ki, ölkə başçısının fərmanına əsasən artıq İcbari Tibbi Sığortanın tətbiq ediləcəyi xəstəxanalar Səhiyyə Nazirliyinin balansından çıxarılaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilib. Bu isə o deməkdir ki, Azərbaycanda uzun illərdən sonra, İcbari Tibbi sığortanın tətbiqinə başlanılıb.

 

Bəs görülən işlər İcbari Tibbi sığortanın tətbiqinə kifayət edirmi? Ümumiyyətlə bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək mümkündürmü?    

 

Rakurs.tv mövzunu Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.  Adil Qeybulla bildirib ki, İcbari Tibbi Sığortanın tətbiq ediləcəyi xəstəxanaların Səhiyyə Nazirliyinin balansında qalması daha məqsədəuyğun idi: “Hər halda “TƏBİB”  adlı qurum artıq yaradılıb. “TƏBİB” – in tərkibinə daxil olan xəstəxanalar birbaşa sığortaya məsul qurumlardır.  Hökumət yəqin ki, İcbari Tibbi Sığortaya aid olan qurumların  digər xəstəxanalara qarışmasını istəmir.  Ona görə də ayrıca bir qurumun yaradılması zərurətini özündə hiss edib”.

 

Adil Qeybullanın sözlərinə görə, əsas məsələ sığorta işinin necə təşkil ediləcəyidir: “ Yəni sığorta işinin təşkilini doğru şəkildə həyata keçirmək lazımdır ki, sonradan problemlər yaranmasın.  Hələlik görünən odur ki, İcbari Tibbi Sığortaya görə, ölkə 4 hissəyə bölünüb. Artıq şimal zonasından başlayaraq İcbari Tibbi Sığortanın  tətbiqinə start verilib.  Amma ortada müxtəlif şaiyələr də mövcuddur.  Ona görə də, obyektiv dəyərləndirmə aparmaq üçün müəyyən zaman keçməlidir”.

 

 

Ekspert əlavə edib ki, sığortanın tətbiqi prosesində problem və nöqsanlara harada yol verildiyini dəqiq görəcəyik: “İcbari Tibbi Sığorta, sosial layihənin çox vacib bir elementidir. Bundan vətəndaş bir fayda görməyəcəksə, o zaman sığortanın tətbiqi mənasızdır. Hesab edirəm ki, idarəetmənin optimallaşdırılması baxımından “TƏBİB”  adlı ayrıca qurumun yaradılmasına ehtiyac yox idi.  Bunun əvəzində Sosial Güvənlik Fondu yaradıb bütün Tibbi Sığortaya, təqaüdə aid  məsələləri  onun balansına vermək, xeyli mənasız strukturları ləğv etmək  olardı. Təəssüf ki, biz Türkiyə modelini Azərbaycanda tətbiq etmədik”. 

Facebook