ABŞ-ın Suriyada 20 hərbi bazası var imiş

Pentaqon Suriya ərazisindəki ABŞ hərbçilərinin sayı və yerləşməsinə dair məlumatları açıqlamır.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın Suriyada 20-dək hərbi bazasının olmasına dair Rusiya rəsmisinin iddiasını şərh edərkən Pentaqon nümayəndəsi Erik Paon deyib.

“Suriyada əsas missiyamızın məqsədlərinə, yəni İŞİD-in məğlub edilməsinə nail olmaq üçün təhlükəsizlik baxımından hərbçilərimizin sayı və yerləşməsini  müzakirə etmirik”, - deyə o qeyd edib.  

Paon əlavə edib ki,  bu cür bəyanatlarla Rusiya öz zəifliyini nümayiş etdirir və ictimaiyyətin diqqətini Suriyada atəşkəs rejiminin təmin edə bilməməsindən yayındırır.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bundan əvvəl bəyan edib ki, Suriyanın YPG-nin nəzarətində olan ərazilərində ABŞ-a məxsus 20-dək hərbi baza yaradılıb.