ABŞ Rusiyanı münaqişənin həllinə mane olmaqda günahlandırdı

ABŞ Rusiyanı münaqişənin həllinə mane olmaqda günahlandırdı

ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə, onu qoruyub saxlamağa çalışır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Vaşinqtondakı “Türk irsi” qeyri-hökumət təşkilatının ev sahibliyi etdiyi vebinarda çıxış edərkən belə deyib (TASS).

O, 10 noyabr bəyanatının bəzi şərtlərinə də münasibət bildirib: "Düşünürəm ki, Rusiya sülhməramlılarının uzun müddət Dağlıq Qarabağda qalması Azərbaycan hakimiyyətinin narazılığını artıracaq".

O, Dağlıq Qarabağdakı vəziyyəti Gürcüstanla müqayisə edərək bu ölkənin Xarici İşlər Nazirliyinin bir əməkdaşından sitat gətirib: "Noyabr ayında nazir müavinlərindən biri belə demişdi: “Bu, bizim 1998-ci ildə olduğumuz vəziyyətdir. Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizə düşəcək, daha sonra da indi olduğumuz vəziyyətə"”.

ABŞ rəsmisi əlavə edib ki, gürcüstanlı diplomatın bu qiymətləndirməsi Rusiyanın öz mənafeyi naminə Qarabağ problemindən manipulyasiya vasitəsi kimi istifadə etməsinə, problemi faktiki olaraq həll etmək niyyətində olmamasına və Ermənistanla Azərbaycanın bu istiqamətdə irəliləməsinə imkan verməməsinə dair xeyli pessimist, amma bəlkə də kifayət qədər real qiymətləndirmədir.

“Bakı və Yerevan da buna maraq göstərərsə, ABŞ münaqişənin həllinə kömək etməyə hazırdır. Ermənistan və Azərbaycan konflikti sülh yoluyla nizamlamaq və Minsk Qrupunun səlahiyyətlərindən istifadə etmək istədikləri səviyyədə ABŞ hər iki ölkəyə irəliləyiş yolunu tapmaqda yardımçı olmağa hazırdır" – C.Kent belə deyib.

Facebook