ABŞ İrana hərbi müdaxilə edəcək?

İran Amerikanın əsas müttəfiqi olan ərəb koalisiyası üçün ciddi baş ağrısıdır.

Axar.az xəbər verir ki, bu sözləri son zamanla ABŞ-ın İrana qarşı təzyiqləri artırmasını şərh edən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Yəməndə baş verənlər bunu tam çılpaqlığı ilə ortaya qoyub:

“Əslində ABŞ-ın İrana hər hansı hərbi müdaxilə edəcəyi ilə bağlı, kiçik olsa belə, ehtimal irəli sürmək çətindir. Təbii ki, Obamadan fərqli olaraq, Amerikanın yeni hökumətinin İranı yenidən əsas hədəf kimi göstərməsi, ilk növbədə bu ölkənin Yaxın Şərqdəki mövqelərini gücləndirməsi fonunda baş verir. İraq və Suriyadan sonra növbəti ərəb ölkəsinin İranın siyasi nəzarəti altına keçməsinə edilən cəhd, əslində, Vyana razılaşmasından (Altılıq ölkələri ilə nüvə razılaşması – red.) sonra iqtisadi cəhətdən də Avropa ilə yeni iqtisadi əlaqələrin qurulması baxımından rəsmi Tehranın etdiyi geosiyasi həmlə idi. Bu, okeanın o tayından adekvat reaksiya görməli idi. Bu baxımdan İrana qarşı hər hansı bir hərbi müdaxilə istisna olsa da, region ölkələri vasitəsi ilə Tehranın izolyasiyası və iqtisadi cəhətdən sıxışdırılması yenidən ciddi şəkildə gündəmə gəlməkdədir. Hələ də davam etməkdə olan Qətər böhranı bunun ilk ciddi siqnalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo yenidən İranın bölgə üçün təhdid olduğunu bildirərək, bu ölkəni terrorizmin sponsuru adlandırmışdı.