ABŞ inanclı məhkumların Novruz günlərində azad ediləcəyinə ümid edir

ABŞ inanclı məhkumların Novruz günlərində azad ediləcəyinə ümid edir

Azərbaycan çox şey vəd edən bəzi addımlar atıb və bir çox dini icmalar öz etiqadlarını daha azad və tam şəkildə həyata keçirə bilir. Bu fikri ABŞ-ın dünyada din azadlığı üzrə Komissiyası bildirib.

 

"Ötən il polis reydlərinin və qeydiyyatdan keçməmiş dini icmaların təqibinin kəskin şəkildə azalması qeydə alınıb. Azərbaycanda dini etiqad azadlığının pozulmasının bu əlamətlərinin azalması doğru istiqamətdə mühüm addım deməkdir", deyə bazar ertəsi Komissiyanın sədr müavini Qeyl Mançin bildirib.

 

"Prezident İlham Əliyevin siyasi və dini məhbusların əvfi haqqında keçən ilki qərarını alqışladıq və ümid edirəm ki, qarşıdan gələn Novruz bayramı günlərində yeni dini məhbuslar azad ediləcək", deyə o əlavə edib.

 

Mançin və həmkarı Nadin Maentsa vəzifəli şəxslər, dini icmalar, vətəndaş cəmiyyəti nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşlər keçirib dini etiqad azadlığı səviyyəsini qiymətləndirmək üçün Bakıya yola düşüblər. Onlar həmçinin din haqqında qanunun ayrı-ayrı şəxslərin və cəmiyyətin dini etiqad azadlığını həyata keçirmək imkanına təsirini müzakirə edəcəklər.

 

"Azərbaycan öz tarixi, multikulturalizmi və dini dözümlülüyü ilə fəxr edir və dini azadlığın həqiqətən hamı üçün reallıq olduğuna zəmanət verərək bu dəyərləri dəstəkləməlidir", deyə Maentsa öz bəyanatında bildirib.

 

"Din haqqında qanunun dini təşkilatların qeydiyyatını məcburi edən hazırki müddəaları dini fəaliyyəti məhdudlaşdırır və bütün dini ədəbiyyatın dövlət tərəfindən təsdiq edilməsini tələb edir.

 

Azərbaycan Konstitusiyası alternativ xidmətə zəmanət verir və hərbi xidmət əqidəsinə zidd olan vətəndaşların dini baxışlarına görə hərbi xidmətdən imtina etməsinə icazə verir", deyə o qeyd edib.

 

USCIRF öz tövsiyələrini aprelin 28-də 2020-ci il üçün illik hesabatında dərc edəcək.

 

Qeyd edək ki, Azərbaycanda 100-dən çox siyasi məhbusun tam yarısı dindarlardır.

Facebook