ABŞ-ın cəsus təyyarələrini İran necə "tutdu"

İranın havadan müdafiə qüvvələri son 6 ayda Birləşmiş Ştatlara məxsus casus təyyarəsini və dronu ölkənin hava məkanı yaxınlığından "qovmalı" olub. Bu barədə “The Daily Mail” yazır.

İran hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Fərzad İsmail deyib ki, RQ-4 tipli pilotsuz dronu ölkənin hava sərhədinin yaxınlığında ötən həftə "tutulub".

“Fars” agentliyinin verdiyi xəbərdə isə deyilir ki, Amerikaya məxsus U2 casus təyyarəsinə xəbərdarlıq edildikdən sonra pilot təyyarənin səmtini dəyişməli olub.

İsmail deyib ki, Amerika pilotuna Hörmüz boğazı üzərində xəbərdarlıq edilərkən o, iki İran radarı və raket sistemi tərəfindən hədəfləndiyini bilirdi. "İran belə düşmən təyyarələrin öz hava məkanına yaxınlaşmasına heç vaxt yol verməyəcək" - İsmail “Tasnim” agentliyinə belə deyib.

Məqalədə deyilir ki, ABŞ rəsmiləri Körfəz rayonunda İran dəniz qüvvələrinin Amerika gəmilərinə münasibətdə nümayiş etdirdikləri "qeyri-peşəkar" və "təhlükəli" hərəkətlərdən tez-tez şikayət edirlər. İran belə hallarda israr edir ki, o, özünün dəniz sərhədlərini mühafizə edir.

"The Daily Mail" xatırladır ki, Tramp administrasiyası bir qayda olaraq Tehranı təcavüzkar hərəkətlərdə və nüvə sazişinin ruhunu pozmaqda ittiham edir. Bəzi xəbərlərə görə, iyul ayında ABŞ-ın hərbi gəmiləri İranın patrul katerlərinə xəbərdarlıq fişəngləri atmışdı. Bu hadisə Amerika Tehranın üzərinə yeni sanksiyalar qoyduğu günə təsadüf etmişdi. İranın İnqilab Keşikçiləri Korpusu isə bildirir ki, ABŞ hərbi gəmilərinin fişəng atması təxribat hərəkəti olub.

Korpusun yaydığı bəyanatda deyilir ki, "ABŞ-ın “Nimitz” supertəyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Resalat neft və qaz platformasının yaxınlığında helikopter uçurmuşdu.

"Amerikalılar təxribatçı və qeyri-peşəkar bir hərəkətlə İranın keşikçi gəmilərinə xəbərdarlıq etmiş və fişəng atmışlar" - İnqilab Keşikçiləri Korpusunun bəyanatında bildirilir.

Korpus bildirir ki, hədə-qorxulara baxmayaraq, İranın keşikçi gəmiləri müşahidəni davam etdirmiş və ABŞ gəmiləri isə ərazidən çıxmalı olmuşdu. Lakin son xəbərlərə görə elə bu çərşənbə axşamı ABŞ-ın dəniz patrulu gəmisi ona yaxınlaşan İran hərbi katerinə xəbərdarlıq atəşi açıb. İran tərəfi gəmilərinin Amerika katerlərinə yaxınlaşması iddiasını rədd edir. (Virtualaz.org)