ABŞ bu ölkəyə qarşı sanksiyaları genişləndirdi

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyindən bildirilib.

ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə ölkənin sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves daxil olmaqla, 6 Konstitusiya Assambleyasının üzvünün adını daxil edib.

Bundan əlavə siyahıya daha iki nəfər – Milli Qvardiyanın komandiri Umberto Luqo Armas və Venesuela Milli Seçki Şurasının üzvü Tanya D’Amelionun adları daxil edilib.

Adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub.İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.