Abbas Hüseynovun məhkəməsi olacaq

Nardaran məhbusu Abbas Hüseynovun işgəncələrə məruz qalmasıyla bağlı məhkəməyə müraciət edilib.

Bu haqda Rakurs TV-ə vəkil Yalçın İmanov məlumat verib.

Vəkil deyir ki, şikayət avqustun 10-da aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə təqdim edilib. Şikayətdə Abbas Hüseynova münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) pozuntusunun tanınması xahiş edilir. Şikayətdə həmçinin Hüseynov barəsində təsirəsalmadan məhkəmə-tibb ekspertizasının təyin edilməsi xahişi öz əksini tapıb.

Yalçın İmanovun sözlərinə görə, məhkəmədən şikayətə baxılarkən Abbas Hüseynovun özünün iştirakının təmin edilməsi istənilib.

Bundan əvvəl isə vəkil Abbas Hüseynovun Qobustan həbsxanasında məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluğa, Ombdusman Aparatına və Penitensiar Xidmətə şikayət məktubları ünvanlayıb.

Baş Prokuror Zakir Qaralova müraciətdə Abbas Hüseynova işgəncə verən Qobustan həbsxanasının rəhbərliyi və əməkdaşları barəsində cinayət işinin başlanması, ombudsman Elmira Süleymanovaya mürciətdə Hüseynova qarşı qeyri-insani münasibətə yol verən şəxslər barəsində cinayət işinin açılması üçün müvafiq orqanlara müraciət edilməsi, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova məktubda isə Qobustan həbsxanasının əməkdaşlarının əməllərinin araşdırılması və barələrində qanunauyğun ölçü götürülməsi xahişi əksini tapıb.