Abbas Hüseynovun anası: "Oğlumu çarmıxa çəkiblər"

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynova Qobustan həbsxanasında işgəncələr davam edir.

Bu barədə Rakurs TV-ə onun anası Rəhimə Hüseynova məlumat verib. Rəhimə Hüseynova deyir ki, iki gündür Abbası həbsxanada çarmıxa çəkirlər: 

"Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İnsan insana belə zülm edər?"

Rəhimə Hüseynovanın sözlərinə görə bu haqda məlumatı elə Abbas özü onlara verib:

“Bu gün evə zəng eləmişdi. Həmişəki vaxtdan gec idi. Dedi ki, onu bağladıqları dirəkdən açıb gətiriblər ki, evə zəng eləsin, səs-küy yaranmasın. Danışanda yanında dayanırlar ki, başqa yerə zəng eləməsin. Abbas dedi ki, onu dirəyə bağlı vəziyyətdə saxlayırlar. Balamı çarmıxa çəkirlər, onu öldürməklə, əsəblərini pozmaqla hədələyilər. Bu adamı şərləyib, heç bir günahı olmadan 20 il iş vermisiz, bununla da ürəkləri soyumayıb, belə zülm eləyirlər. Belə Allahsızlıq olar?!”

Ana bildirir ki, Abbasa olan işgəncələrin səbəbi AXCP sədri Əli Kərimlini təbrik etməsidir. Bununla bağlı bir çox dövlət orqanına, eləcə də Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət ediblər. Qırmızı Xaç təşkilatının nümayəndələri Abbasla görüşsə də, görüşdən sonra işgəncələr yenə davam edib:

“İşgəncə ilə bağlı bir çox dövlət orqanına müraciət etdik. Penitensiar Xidmətin rəisinə məktub yazdım, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Ombudsman Aparatının nümayəndələri ilə görüşdüm. Hamısından xahiş elədim ki, Abbasla görüşsünlər, ona qarşı işgəncələrə son qoyulsun. Dövlət orqanları heç bir addım atmadı. Bircə Beynəlxalq Qırmızı Xaçın əməkdaşları iki gün əvvəl gedib baş çəkib, Abbas da onlara olanları danışıb. Onlar çıxıb gedən kimi yenə Abbasa əziyyət verməyə başlayıblar”

A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında bildirmişdi ki, həbsxanada ona qarşı işgəncələr yenidən başlayıb. Onun sözlərinə görə, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı onu döyüblər, əlləri qandallı vəziyyətdə cərimə kamerasında saxlanıldığından qandal biləklərini kəsib.

Penitensiar Xidmət isə A.Hüseynovun Qobustan həbsxanasında döyülməsi barədə məlumatları təkzib edib.

A.Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar bundan əvvəl də dəfələrlə yayılıb, məhkəməyə və prokurorluğa müraciət olunub. Hətta vəkili Yalçın İmanov ona verilən işgəncələr barədə mətbuata məlumatı açıqladığına görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.