Abbas Hüseynova görə prokurorluğa müraciət olunub

Ombudsman Aparatı Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovla əlaqədar Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət edib. Söhbət A.Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması (rəis və əməkdaşlar tərəfindən döyülməsi, 40 dərəcədən artıq istidə açıq havada dəmir dirəyə bağlanıb saatlarla bu vəziyyətdə saxlanması, soxulcanlarla dolu cərimə kamerasına atılması və s.) haqda şikayətindən gedir.

Bu haqda Ombudsman Aparatı Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə AzadlıqRadiosuna bildirib.

"Milli Preventiv Qrupun əməkdaşları həbsxanada Abbas Hüseynovla görüşüblər. Konfidensial qaydada onun şikayətini dinləyiblər. Onun müraciətini, başçəkmənin nəticələrini tədqiq eləmişik. Özünün də müraciətlərini nəzərə almaqla, aidiyyəti üzrə qurumlara – Baş Prokurorluğa və Penitensiar Xidmətə məktub göndərmişik", – R.Rumzadə bildirib.

A.Hüseynovun vəkilləri də onun işgəncə şikayəti ilə əlaqədar Ombudsman Aparatına müraciət edib. Vəkil Yalçın İmanovun sözlərinə görə, bir aydan çox vaxt keçsə də, Ombudsman Aparatından müraciətlərinə heç bir cavab gəlməyib.

R.Rumzadə bildirib ki, hüquq-mühafizə orqanlarına göndərdikləri müraciətə cavab alan kimi onlar da öz növbələrində vəkillərin məktublarını cavablandıracaqlar.

"Abbas Hüseynovla görüşdə iki əməkdaş iştirak edib – biri həkim, o biri hüquqşünas. Başçəkmə nəticəsində real nə varsa, onların heç biri diqqətdən kənarda qalmır, təhrif olunmur. Bizim işimiz insanlara kömək etməkdir. Əgər adamlar bizə etimad göstərirlərsə, onu doğrultmağa çalışırıq", – Milli Preventiv Qrupun rəhbəri belə deyir.