Abbas Hüseynin apellyasiya şikayəti təmin olunmadı - Video

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə “Nardaran işi” üzrə təqsirləndirilənlərdən Abbas Hüseynin Qaradağ rayon prokurorluğuna qarşı şikayətinə əsasən Qaradağ rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, məhkəmə prosesi qapalı keçirilib, Abbas Hüseyn və onun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı məhkəmə prosesində iştirak ediblər.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində baş verən hadisələr zamanı həbs olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-cil tarixli hökmü ilə CM-nin 120.2.1, 120.2.3, 120.2.4 və s. maddələri ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə hökmünə görə cəzasının 7 ilini qapalı həbsxanada çəkməsi müəyyən edilib, 22 iyul 2017-ci ildə Qobustan həbsxanasına gətirilib. Bu zaman onun əlləri həbsxana əməkdaşları tərəfindən qandallanaraq yerlə üzü üstə süründürülüb və daha sonra uzun müddət günün altında saxlanılıb. Həbsxananın əməkdaşı İlkin Axundov tərəfindən “dubinka” ilə kürəyinə zərbələr endirilərək “cərimə kamerası”na salınıb. Həbsxananın digər əməkdaşı Namiq Quliyev iyulun 25-də onun mədəsindən və çənəsindən zərbələr vuraraq ona işgəncə verəcəyi ilə hədələyib. 26 iyul 2017-ci ildə İqbal və Rövşən adlı həbsxana əməkdaşları onu 3 saat müddətində qızmar günün altında dəmir dirəyə bağlı olaraq saxladıqdan sonra yenidən “cərimə kamerası”na salınıb. İyulun 29-da “cərimə kamerası”nda saxlanma müddəti bitdikdən sonra oradan çıxarılmayıb və buna səbəb kimi karantində yerin olmaması bildirilib. Avqustun 5-də Abbas Hüseyn kameraya köçürüləcəyi vədi ilə həbsxananın rəisi Aftandil Ağayevin qəbuluna aparılıb , orada da “dubinka” və rezin dəyənəklə uzun müddət rəis tərəfindən döyülüb, 8 gün cərimə təcridxanasında saxlanılıb. Şikayətçi cərimə kamerasında əlləri və ayaqları qandallı vəziyyətdə çarmıxa çəkilmiş halda 2 gün saxlanılıb. 8 avqust 2017-ci ildə Abbas Hüseyn o zaman onun hüquqlarını müdafiə edən vəkil Yalçın İmanova baş verənlərlə bağlı məlumat verib. Vəkil bununla bağlı aidiyyatı qurumlara şikayətlər göndərib. 24 oktyabr 2017-ci ildə Qaradağ rayon Prokurorluğu cinayət işinin başlanmasını rədd edib. Həmin qərardan verilən şikayət 31 oktyabr 2017-ci il tarixdə Qaradağ rayon Məhkəməsi tərəfindən təmin edilməyib.