Abbas Hüseyn Nardaran hadisələrinin 3-cü il dönümü münasibəti ilə müraciət ünvanladı

26 noyabr 2015-ci il tarixində Nardaran qəsəbəsində baş verən qanlı hadisə zamanı saxlanılan inanclı fəal Abbas Hüseyn hadisələrin 3-cü il dönümü münasibəti ilə bəyanat ilə çıxış edib.

Bəyanatı Abbas Hüseynin yaxınları yayıb:

 

Yaşadığımız dövrdə hər kim haqqın qələbəsini istəyirsə, haqqın tərəfdarı və təbliğatçısı olmalıdır. Allaha xatir hər yerdə haqq-ədaləti yaymalı və bu yolda mübarizə aparmalıdır. Bizim xalqımız hər zaman dünyada milli-dini dəyərlərinə, məfkurəsinə, insan haqlarına, dövlətçilik prinsiplərinə sadiq olan xalq kimi tanınıb. Bu yolda xeyli şəhidlər verib, hətta qazi olanlar olub. İndiki zamanda hər nə qədər bu çətin proses olsa da, həbslərlə, hətta ölümlərlə nəticələsən də, lakin izzətlidir. Dünya xalqlarının tarixinə baxsaq, görərik ki, xalqın dərdinə yanan kəslər daim cəmiyyət tərəfindən sevilib uca tutulublar. Milli qəhrəman Mübariz İbrahimov mənfur ermənilərin zülmünə qarşı mübarizə apardığı üçün bu gün kiçikdən böyüyə hər kəsin yaddaşına həkk olunub. Bunu da unutmayaq ki,haqq-ədalətin qorunması yolunda toplum Allah qarşısında məsuliyyət daşıyır.Allah həmişə mübariz insanların yanındadır,onların yardımçısıdır. Aparılan hər bir mübarizə bu günün və gələcəyin təminatçısıdır.

 

Təəssüflər olsun ki, bu gün dünyada ədalət məfhumu aradan aparılıb, ədalət əşya misalı sanki bazara çıxarılıb satılır. İnsan həyatına da dəyərsiz bir əşya kimi yanaşılır,insanın özünə isə qul kimi yanaşılır.Günümüzdə insanlar məqsədli şəkildə səfalətə, ümidsizliyə, intihara sürüklənir. İşsizlik isə taun xəstəliyi kimi insanların həyatını bürüyüb. Bütün sadaladıqlarım bizim ölkədən də yan keçmir.

 

2015-ci ilin 26 noyabrında baş verən Nardaran hadisəsini yəqin ki, unutmuş deyilsiz. Həmin gün orda həbs edilən, öldürülən insanların tək istəyi yuxarıda sadaladığım problemlərin vətənimizdə aradan qaldırılması idi. Lakin bu istəkləri günorta namazı vaxtında onların gülləbaran edilməsiylə nəticələndi. 2-si polis, 4-ü dindar olmaqla 6 nəfər günahsız insan şəhid edildi. Artıq həmin gündən 3 il keçir. Bu 3 ildə nələr dəyişdi?

 

Əfsuslar olsun ki,bu 3 ildə edilən səhvlərdən nəticə çıxarılmadı. Cəzaçəkmə müəssisələrində Nardaran məhbusları təzyiq altında saxlanıldı, onlara haqsız yerə müxtəlif cəzalar tətbiq olundu. Tale Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatına qarşı qərəzli münasibət daha da intensivləşdi.

İl yarım davam edən məhkəmələrimizdə həqiqətlər bütün çılpaqlığıyla ortaya qoyuldu, dəlillər, sübutlar bizim günahsız yerə həbs olunmağımızı, işgəncələrə məruz qaldığımızı bir daha təsdiqlədi. Tv-lərdə hər gün bizlərə qarşı aparılan qarayaxma kampaniyaları da bir nəticə vermədi. Çünki artıq Azərbaycan xalqı ağı qaradan ayırmağı gözəl bacarır.

 

Həbs edildiyimiz zaman bizlərə edilən işgəncələr isə nəyin ki 3 il, lap əsrlər keçsə belə yaddaşlardan silinəsi deyil.Necə ki, 37-cil repressiyasından illər keçməsinə baxmayaraq, bu gün də həmin represiyyada ziyalılarımıza işgəncə edənlər nifrətlə xatırlanır. Eləcə də Nardaran hadisəsini törədənlər də bu aqibəti yaşayacaqlar.

 

Əziz xalqım! 3 ildir ki nahaq yerə zindan həyatı yaşayan bizlər, ömrümdən oğurlanan bizlər bu xalqın övladlarıyıq. Biz yalnız vətəni azad görmək istədiyimiz üçün zindanlara salınmışıq. Əminik ki, zaman hər kəsə ən layiqli qiymətini verəcək və həqiqət günəşi gec-tez parlayacaq.

 

Abbas Hüseyn, 26.11.2018"