Abbas Hüseyn Aşura məktəbindən yazdı

Müsəlman Birliyi Hərəkatının həbsdəki fəalı, siyasi məhbus Abbas Hüseyn Aşura günü münasibəti ilə məktub yayımlayıb.

Rakurs.tv məktubu olduğu kimi təqdim edir:

“Hörmətli Azərbaycan xalqı, dəyərli Hz.Hüseyn əzadarları!

Haqq və ədalət uğrunda dəyərli olan hər şeydən keçmək qaçınılmazdır. Hz.Hüseyn məktəbinin əsas idealogiyası insanların haqqını, islamın tapdalanmış dəyərlərini qorumaqdır. Onun mübarizə məktəbi çox zəngin ibrətamiz məqamlarla doludur.

Bir çox tarixi şəxsiyyət öz xalqının azadlığı naminə mübarizə xəttini müəyyən edərək məhz Hz.Hüseynin məktəbindən bəhrələnib. Hətta Azərbaycan torpaqlarını ilk dəfə birləşdirib Səfəvilər dövlətinin təməlini qoymuş Şah İsmayıl Xətai də 16-cı əsrdə Hüseyn məktəbinin vurğunu idi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan Füzuli, Zakir, Natavan öz şeirlərində imam Hüseyni vəsf ediblər.

Hz.Hüseynin mübarizə xəttini hind inqilabçısı Mahatma Qandi kimi kəslər öz idealogiyalarına çevriliblər.

Mahatma Qandi deyir: "Mən imam Hüseynin, islamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.

Mənə aydın olub ki,əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək imam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.

Bəli, bu gün dünyanın hər bir yerində zülm və müstəmləkə altında yaşayan xalqlar yalnız imam Hüseynin məktəbinə arxalanıb öz azadlığı uğruna mübarizəyə qalxa bilər. Hz.Hüseynin Kərbəlası, Aşurası sıradan hadisələr deyil.

Hz.Hüseyn islamın, xalqının hürriyəti uğruna Aşuraya məhz ailəsi ilə birlikdə qatılmışdı. Məhşur Amerika yazıçısı Çarlz Dikkens deyir: ”Əgər imam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişdilər.

Ağıl belə hökm edir ki, o, yalnız islam yolunda bu fədakarlığı etmişdir”.

Bu gün isə artıq Aşura günüdür.

Hz.Hüseynin bəşəri qəhrəmana çevrilməsinə səbəb olan həmin gün. Onun milliyyəti ona olan ehtiramı və bu həqiqəti dəyişə bilməz.

Ən əsas məsələ isə onun ideyalarını öz həyat xəttinə tətbiq edə bilməkdir.

Hz.Hüseynin məktəbi haqq-ədaləti təmsil edir. Əsrlərdir, bu məktəbin nurunu söndürməyə çalışırlar, amma heç bir vəchlə buna nail ola bilmirlər.

Çünki onun məktəb elə bir məktəbdir ki, dünya durduqca bu məktəb də günəş təki parlayacaqdır.

Abbas Hüseyn

20.09.2018

Qobustan həbsxanası”.