EURO : 1,8991 TRY : 0,294 USD : 1,7 RUB : 0,0271
AB müxalifətin aksiyasında baş verənləri araşdırmağa çağırır

AB müxalifətin aksiyasında baş verənləri araşdırmağa çağırır

Avropa Birliyi oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi yürüş zamanı onlarla adamın saxlanmasına reaksiya verib.

 

Birliyin sözçüsü Maja Kocijancic-in adından yayılmış bəyanatda deyilir:

“İzdihamın dağıdılması və iştirakçıların həbsi zamanı səbəbsiz olaraq aşırı gücdən istifadə olunması haqda məlumat gəlir. Belə insidentlər araşdırılmalıdır. Hakimiyyəti saxlanmış dinc etirazçıları buraxmağa çağırırıq”, – bəyanatda deyilir.

“Sərbəst toplaşma azadlığı fundamental hüquqdur və Azərbaycanın beynəlxalq öhdəliklərin uyğun olaraq bu hüququ tam edəcəyini gözləyirik”, – Maja Kocijancic deyib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva elə oktyabrın 19-da bu bəyanatla bağlı AZƏRTAC-ın sualını cavablandırıb. O, açıqlamasında aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrıldığını qeyd edib.

“Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranıb. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmayıb və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi”, – açıqlamada deyilir.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkə konstitusiyası, digər uyğun qanunlar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

 

Facebook