4.5 milyonluq əmlakına görə AzTV sədrini öldürmək istəyiblər?

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə günahlandırılan dörd nəfərin – Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun mühakiməsi başlayıb. Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdən ötrü bir neçə dəfə ona qarşı sui-qəsd planlaşdırıldığı, amma müəyyən səbəblərdən planın başa çatmadığı iddia olunur.
Cinayət işinin materiallarına əsasən, hadisə haqda hüquq-mühafizə orqanlarına da hazırda təqsirləndirilən şəxslər sırasında olan M.Namazov məlumat verib. Bu səbəbdən onun barəsində cinayət işi başlanmayıb.
İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib, ətrafına adamlar toplayıb, tanışları Musabi Namazov, Qoçali Cəbiyev, onun vasitəsilə Zöhrab Şirinov ilə razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilibki, onlar bu işin müqabilində 600 min manat pul qazanacaqlar.

Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızını və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.
Sonradan bu işibaşqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şossesində olanda onları yüksək vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.
Amma Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş“Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi “NİVA” ilə bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib.

Amma Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

İttihamda yazılıb ki, 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.
Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, şər-böhtan olduğunu deyirlər.
Bu iş üzrə məhkəmə martın 1-də davam edəcək.

Azadliq.info