4 Nardaran məhbusu azadlığa buraxıldı

Bununla vaxtından əvvəl azadlığa buraxılan Nardaran məhbuslarının sayı 18-ə çatıb

Məhbusların azadlığa buraxılması ilə bağlı qərar məhkəmə tərəfindən qəbul edilib. Onlar Prezident İlham Əliyevin ""Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. 

Azadlığa buraxılan şəxslər Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyevdir. Onlar Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkirdilər.

Bir neçə gün əvvəl isə 14 nəfər çəkilməmiş cəzadan vaxtından əvvəl azad edilib.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində Müsəlman Birliyi Hərəkatının sədri ilahiyyatçı Tale Bağırzadə və bir neçə nəfər saxlanılıb. Onlar dövlət çevrilişinə cəhd, silah saxlama və digər ağır cinayətlərdə ittiham ediliblər. Lakin təqsirləndirilən şəxslər ittihamı saxta adlandırırlar. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. Həbsinin də bununla bağlı olduğunu deyir. O, məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Rakurs TV