...30 min xərc çəkib, indi isə malı da, pulu da batır

...30 min xərc çəkib, indi isə malı da, pulu da batır

Azərbaycanda fermerlər becərdikləri məhsulun satılmasında çətinliklə üzləşdiklərini bildirirlər. Göyçay, Cəlilabad rayonunda yaşayan fermerlər yetişdirdikləri pomidor, xiyar, kartofu Rusiyaya göndərə bilmədiklərini və yerli bazarlarda məhsullarını qəpik-quruşa satmağa məcbur olduqlarını deyirlər.

"...Heç yolpulunu ödəmir"

Göyçay rayonu Ləkçılpaq kəndinin sakinləri AzadlıqRadiosuna bildirib ki, yetişdirdikləri pomidoru Rusiyaya sata bilmir, məhsul isə xarab olub batır: "Çünki məsul şəxslər vaqonları bağlayıb deyirlər ki, mal ancaq yük maşını ilə getməlidir. Yük maşını da 4 min 500 dollara gedir, 6 min dollar da əlavə dəyər vergisinə alırlar".

Yerli bazarlara gəlincə, fermerlər bildirib ki, Göyçayda xiyarın bir kilosunun qiyməti 3-5 qəpik arası dəyişir, bu da maya dəyərindən qat-qat ucuzdur: "Məhsulu yetişdirmək üçün istifadə olunan gübrə, kommunal xərclər çox bahadır. Ona görə də indiki qiymət maya dəyərindən qat-qat aşağıdır. Qazandığımız pul nəinki maya dəyərini, heç bazara yolpulunu belə ödəmir".

"Malı da, pulu da batır"

Fermerlər habelə deyir ki, maya dəyəri 70-80 qəpik olan pomidorun bir kilosunu yalnız 20-30 qəpiyə sata bilirlər: "Bir həftə öncə pomidorun kiloqramının qiyməti 1.30 manat idisə, indi 20 qəpiyə belə sata bilmirik. Elə fermerlər var ki, 30 min xərc çəkib indi isə malı da, pulu da batır".

Cəlilabad rayonunun fermerləri də "Turan"a bildiriblər ki, açıq sahələrdə yetişdirilən kartofun yığımına başlasalar da, məhsulu sata bilmirlər: "Kartofun qiyməti xeyli aşağı düşüb. Biz bir hektara 5 min manat pul xərcləmişik, amma kartofun bir kilosunun qiyməti 35-40 qəpikdir. Bu bizi qane etmir".

Bundan əlavə, fermerlər deyir ki, Rusiyaya kartofu aparan maşınların daşıma xərcləri artıb: "Qatar yolunu bağlayıblar. TIR-larla aparmaq isə bahadır. 3 min 600 dollar daşınma xərcidir, 1 min 500 dollar isə "rastamojka"dır. Əvvəl beş TIR yola salınırdı, indi isə bir-iki maşın gedir, o da uzun növbələrdə qalır".

"Problem idarəçilikdədir"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna deyib ki, problem idarəçilikdədir: "Dörd-beş il bundan əvvəl Rusiyadan hökumət nümayəndələri gəlmişdi ki, Azərbaycan istehsal etdiyi tərəvəz məhsullarını Rusiyaya ixrac etsin. O vaxt ölkə başçısı İlham Əliyev elan etmişdi ki, Azərbaycan o məhsulları Rusiyaya ixrac edəcək. Fermerlərimiz də hökumətə inanıb istixana quraşdırdılar və orada məhsul istehsal etməyə başladılar. Onlar kredit, borc götürdülər. Sonra isə istehsal etdikləri məhsulun ixracına müəyyən məhdudiyyət qoyuldu".

"Yanacağın qiyməti yanvarda bahalaşdı…"

Ekspertin sözlərinə görə, logistika məsələləri də öz həllini tapmır: "Yanacağın qiyməti yanvarda bahalaşdı və maşınla məhsulu ixrac etmək çox baha başa gəlir. Ona görə də sahibkarlar çalışırlar ki, onu vaqonla göndərsinlər. Etsinlər də, burada nə problem var? Elə vaqonlar var ki, orada soyuducu var və məhsul xarab olmur. Hökumət bu problemi çözməlidir və şərait yaratmalıdır ki, fermerlər daha çox məhsul yetişdirib satsınlar, ölkəyə daha çox valyuta gəlsin".

"Hamısı məmurlarındır"

O qeyd edib ki, məhsul xarab olmaması üçün xüsusi anbarlar var: "Hamısı məmurlarındır. Elə fermerlər var ki, məhsulu ixrac edə bilmədilər, bir hissəsi xarab oldu, digərini dəyər-dəyməzə satdılar. İstixana şəraitində növbəti əkin həyata keçirəndə ödəniş qabiliyyətli olmadıqları üçün kommunal ödənişləri vaxtlı-vaxtında edə bilmədilər. Onların işığını, suyunu kəsiblər və məhsul istixanada xarab olub".

V.Məhərrəmlinın iddiasına görə, daxili inhisarçılar süni yollarla fermerlərə məhsulu ixrac etməyə mane olur və bununla da onları malı dəyər-dəyməzə satmağa məcbur edirlər: "Sonra isə məhsulu beş qat baha qiymətinə əhaliyə satırlar".

Facebook