"2019-cu ildə Azərbaycanın təhsil tarixində də böyük dəyişiklik olacaq"

2019-cu ildə Azərbaycanın təhsil tarixində də böyük dəyişiklik olacaq. 26 ildən sonra ali məktəblərə qəbul olmaq üçün keçirilən test imtahanı yeni forma ilə əvəzlənəcək.
 
Təhsil eksperti Kamran Əsədov deyir ki, 2010-cu ildən sonra keçirilən qəbul imtahanlarının nəticələri abituriyentlərin əldə etdiyi biliklərin tələblərə cavab vermədiyini ortaya çıxarır: “Ona görə ki, onların əmək bazarında şifahi nitq və yazı vasitələrindən istifadəsi çox aşağı səviyyədədir. Yəni Azərbaycanda 1992-ci ildən ali məktəblərə qəbul zamanı tətbiq olunan test imtahanları artıq özünü doğrultmur. Ona görə də həmin şəxslərin bilik və bacarıqlarının yoxlanılması müxtəlif formalarda həyata keçirilir”.
 
“Ali məktəblərə qəbul zamanı qapalı test modellərindən imtina, açıq testlərin tətbiqi gələcəkdə bizə lazım olacaq insanların konpitensiyalarının artmasına gətirib çıxaracaq. Mən hesab edirəm ki, bu variantın Azərbaycanda tətbiqi heç də pis olmayacaq. İnsanları düşündürən məqam qəbul zamanı şəffaflığın necə təmin olunacağıdır. Hesab edirəm ki, bu yeniliklər tətbiq olunduqdan sonra 26 ildir qəbul prosesində olan şəffaflıq bundan sonra da qorunub saxlanacaqdır” – deyə o bildirib.