15 sentyabr “Bakı günü” kimi qeyd edilsin!

15 sentyabr “Bakı günü” kimi qeyd edilsin!

Bakının azad olunmasının növbəti ildönümüdür. 102 il bundan əvvəl – 1918-ci il sentyabrın 15-də Nuri paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf ərazilərdəki ağalığına son qoyulub.

Qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Lakin hələ də 15 sentyabr tarixi Azərbaycanda lazımi səviyyədə qiymətini almayıb. Bu tarix və xilaskarların adları əbədiləşdirilməyib. Hələ uzun müddət əvvəl media mütəxəssisi, professor Qulu Məhərrəmli 15 sentyabrın hər il “Bakı günü” kimi qeyd edilməsi təklifi ilə çıxış etmişdi.

Q.Məhərrəmli “Press Klub”a açıqlamasında xatırlatdı ki, 1994-cü ilin may ayında AzTV-nin “Yeddi gün” verilişində mərhum Şirməmməd Hüseynovun da iştirakı ilə belə bir təşəbbüs irəli sürülüb ki, 15 sentyabr paytaxt günü elan edilsin:

“Çünki Bakının işğaldan azad olunması yüz illik tariximizin ən parlaq hadisələrindən biridir. Faktiki olaraq, 28 may bir bəyanat idisə, 15 sentyabr Cumhuriyyət ideyasının reallaşdırılmasının konkret addımı idi. Ona görə də, biz bu tarixi yaradanlara minnətdar olmalıyıq. Qafqaz İslam Ordusuna, yeni yaranmaqda olan Azərbaycan Ordusuna, Bakının xilasına yardımçı olmuş, bu işdə əziyyət çəkmiş türk generallarına və yeni yaranmış Azərbaycan polis qüvvələrinə və təbii ki, ilk növbədə bu əməliyyata rəhbərlik etmiş Nuri Paşaya minnətdar olmalıyıq”.

“Bəs, niyə indiyədək bu istiqamətdə hər hansı addım atılmayıb” sualına cavabında Q.Məhərrəmli təəssüf hissi ilə qeyd etdi ki, otuz ildir müstəqil olmağımıza baxmayaraq, hələ də bolşevik, kommunist düşüncəli insanlar çoxdur:

“Azərbaycanın müstəqilliyini içdən qəbul edən, qəlbinə, ruhuna hopduran adamlar azdır. Onların bir çoxu bu gün vəzifə başındadır, səlahiyyət sahibidirlər. Ona görə də, aşağıdan gələn təşəbbüsləri qalxanla qarşılayırlar”.

Qulu Məhərrəmli hesab edir ki, bu təşəbbüs nə zamansa reallaşacaq:

“Çünki ola bilməz ki, bir millət öz tarixində bu cür parlaq hadisəni əbədiləşdirməsin. Bunu əbədiləşdirməli, bu tarixi yeni nəsillərə anlatmalı, müstəqilliyi bizə qazandırmış, həyatlarını bu iş üçün vermiş Cümhuriyyət fədailərini daim yad etməliyik. Bu, əvvəl-axır olacaq. Amma nə qədər tez olsa, bir o qədər yaxşıdır”.

Q.Məhərrəmli Türkiyə ilə genişlənən əlaqlərin şəxsən onda ümid yaratdığını söylədi:

“Hesab edirəm ki, Nuri paşa Qafqaz İslam Ordusunun sərkərdəsi kimi Azərbaycanın müstəqilliyinə öz töhfələrini verib. Ona görə də, belə bir tarixi şəxsiyyətin adına küçələr, prospektlər vermək, heykəlini qoymaq vacibdir. Bundan çəkinmək lazım deyil, biz tarixi qəhrəmanlara öz ehtiramımızı bildirməliyik”.