12 Siyasi məhbus azadlığa buraxılır: "Nardaran məhbusları" və digərləri

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ümumilikdə 634 nəfərə şamil edilən sərəncamda 12 siyasi məhbusun adı da var.

Rakurs TV-nin məlumatına görə əfv sərəncamına düşən siyasi məhbusların adları məlum olub. Əfv edilənlərin arasında "Nardaran işi" üzrə həbs olunanlar da var.

Onlar Nadir Babayev, Fail Şahbazov, Natiq Şahbazov, Əliağa Qasımov, Hilal Cabbarov, Məhəmməd Quliyev və Ələkbər Quliyevdir.

Digər 2 nəfər 2012-ci il oktyabrın 5-də orta məktəblərdə hicab qadağasına etiraz məqsədi ilə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada saxlanılan Davud Kərimov və Elşad Rzayevdir. Onların həbs müddətinin bitməsinə 5 ay qalmışdı. Xatırladaq ki, onlarla birlikdə həbs olunanlardan Telman Şirəliyev hələ də həbsdədir. 

"Eurovision məhbusu" Valeh Abdullayevin də adı azadlığa buraxılanlar arasında var. O, 2012-ci may ayının 20-də “Eurovision” mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyev və digər 9 nəfərdən biridir. Məhkəmənin hökmü ilə 8 il müdətinə azadlıqdan məhrum edilmişdi.

Digər şəxslər AXCP fəalı Elmin Fərəcov və şair Saday Şəkərlidir.