11 aprel erkən prezident seçkisi: YAP seçkiyə İlham Əliyevlə gedir

Hakim Yeni Azərbaycan Partiyası öz qurultayında İlham Əliyevin namizədliyini irəli sürüb.

Azərtac xəbər verir ki, YAP Heydər Əliyev Mərkəzində keçirdiyi VI qurultayında İlham Əliyevi aprelin 11-nə təyin edilən növbədəkənar prezident seçkisinə namizəd kimi göstərib.

İlham Əliyev həm də partiyanın sədridir.

Yeni Azərbaycan Partiyası İlham Əliyevin atası mərhum prezident Heydər Əliyev tərəfindən 1992-cü ildə təsis olunub.

Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər hakimiyyətdə olub, 2003-cü ildə vəfat edib.

Bundan sonra həm partiyaya, həm də ölkəyə onun oğlu İlham Əliyev rəhbərlik edir.

İlham Əliyev 2003-cü, 2008-ci, 2013-cü ildə Azərbaycan prezidenti seçilib.

Azərbaycanda 2016-cı ildə keçirilmiş referenduma əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Referendumun nəticələrinə görə, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezident vəzifəsinə namizədin 35 yaş olan minimal yaş həddi aradan qaldırılıb.

Prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Referendum nəticələrinə görə təsis edilmiş birinci vitse-prezidentlik postunu hazırda birinci ledi Mehriban Əliyeva tutur.

Bu həftənin əvvəli İlham Əliyev ölkədə növbədənkənar seçkinin keçirilməsi ilə bağlı sərəncam verib və erkən seçki aprelin 11-nə təyin edilib.

Hakimiyyət bunu ölkədə il ərzində keçirilməsi nəzərədə tutulan bir neçə yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin üst-üstə düşməsi ilə əsaslandırıb.

Tənqidçilər isə hesab edirlər ki, belə bir qərarın verilməsinə səbəb hakimiyyətdaxili münasibətlərin gərginləşməsi, Rusiyada və Ermənistanda keçirilən seçkilər, o cümlədən, ictimaiyyətə açıqlanmayan digər səbəblərlə bağlıdır.

YAP-dan başqa, Müsavat və Klassik Xalq Cəbhəsi (KXCP) partiyaları öz namizədlərini açıqlayıb. Müsavat Partiyası keçmiş başqanları İsa Qəmbəri, KXCP isə hazırkı sədrləri Mirmahmud Mirəlioğlunu müdafiə edir.

Bir neçə siyasi qurumu özündə birləşdirən Milli Şura isə seçkini boykot edəcəyini bildirib.